"Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsinə əsərlərin qəbulu tarixi uzadıldı

Artıq 40-dan artıq müraciət var

Fevralın 2-dən start götürən II Nəsimi Milli Ədəbiyyat Müsabiqəsi davam edir.
Xəbər verildiyi kimi müsabiqəyə əsərlərin qəbulu üçün son tarix martın 14-ü elan edilmişdi. Bu müddət ərzində müsabiqəyə Azərbaycanın müxtəlif bölgələrindən əksəri yeni imzalar olmaqla, 41 müəllif müraciət edib. Onlardan 38 nəfərin müraciəti qaydalara uyğun hesab edilərək, müsabiqəyə qəbul edilib.
Lakin son iki gün ərzində bir çox müəlliflər müsabiqədən gec xəbər tutduqlarını əsas gətirərək, Təşkilat Komitəsindən əsərlərin qəbulu tarixini daha bir neçə gün uzatmağı xahiş etmişlər. Təşkilat Komitəsi Münsiflər Heyəti ilə birgə qapalı görüşündə bu xahişləri və bir çox digər sualları müzakirə edərək, bir sıra qərarlar qəbul edib.
Qərara görə, əsərlərin qəbulu tarixi 6 aprel 2009-cu il tarixinə qədər uzadılıb. Müsabiqənin final tarixi- 28 may dəyişməz qalıb. Final mərhələsinə keçən müəlliflərin adları mayın ilk ongünlüyündə açıqlanacaq.
Təşkilat Komitəsi daha bir məsələyə də aydınlıq gətirməyi lazım bilir. Bu, müsabiqənin şərtlərində yer alan "Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin əvvəlki qalibləri yenidən müsabiqəyə qatıla bilməz" qeydi ilə bağlıdır. Bildiririk ki, qaliblər yalnız şeir və hekayə nominasiyaları üzrə I yeri qazananlar hesab olunur. II və III yerin sahibləri isə müsabiqəyə təkrar başvurmaq hüququna malikdir.
Qeyd edək ki, müsabiqəni Kultaz.com - Mədəniyyət Portalı və Lit.az- Ədəbiyyat Portalının birgə təşkilatçılığı ilə keçirilir.
Bir daha xatırladaq ki, müsabiqənin şərtlərinə görə kitabı çap olunmayan müəlliflər maksimum 3 şeir və ya 3 hekayə ilə yarışmaya qatıla bilərlər. Müsabiqəyə heç bir elektron və yazılı KİV-də dərc olunmamış mətnlər qəbul edilir. Müəlliflər şeir və hekayələrini, bir ədədd foto və müəllif haqqında kiçik tanıtım da daxil olmaqla, 6 aprel tarixinə qədər musabiqe2009@gmail.com ünvanına göndərə bilərlər.