I "Nəsimi" Milli Ədəbiyyat Mükafatı-2008


"Nəsimi" Milli Ədəbiyyat müsabiqəsi yeni istedadların, uğurlu bədii mətnlərin üzə çıxarılması, təbliği və dəyərləndirilməsi, eləcə də cari ildə çap olunmuş dəyərli əsərlərin qiymətləndirilməsi məqsədilə yaradılıb. Bu ədəbi müsabiqənin təsisçiləri kultaz.com (Azərbaycan Mədəniyyət Portalı) və lit.az (Azərbaycan Ədəbiyyat Portalı) saytlarıdır.

Müsabiqə il boyu iki mərhələdə davam edir. Birinci mərhələdə yeni imzaların, gənc istedadların üzə çıxarılması və təbliği prosesi həyata keçirilir. Bu mərhələ hər il fevralın 2-də - Gənclər Günündə başlanır və may ayının 28-də-Respublika Günündə qaliblərin rəsmən elan olunması ilə yekunlaşır. İlin ikinci yarısında isə il boyu dərc olunan əsərlərin, kitabların, tərcümələrin dəyərləndirilməsi aparılır və onların arasından ən yaxşıları seçilərək mükafatlandırılır.

Birinci mərhələ. "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsinin I mərhələsinə (2 fevral-28 may) yalnız kitabı dərc olunmayan gənc müəlliflər, yeni imzalar qatıla bilər. Müsabiqə həm şeir, həm də hekayə nominasiyaları üzrə keçirilir. Bir müəllif yalnız bir nominasiyada çıxış edə bilər. Mətnlər Azərbaycan dilində, Times New Roman şrifti ilə yazılmalı və elektron versiyada musabiqe2008@gmail.com ünvanına göndərilməlidir. Bundan əlavə, hər bir müəllif, öz bioqrafiyasını, əlaqə telefonlarını və bir ədəd rəngli fotoşəklini də mütləq qeyd olunan elektron ünvana göndərməlidir. Hər bir müəllif müsabiqədə maksimum 3 (üç) şeir və ya 3 (üç) hekayə ilə iştirak edə bilər. Müsabiqə iki turdan ibarətdir:

Birinci tur. Hər il martın 15-də I seçim turu yekunlaşır. Mətnlərin son göndərilmə tarixi isə bundan bir gün qabaq-martın 14-də başa çatır.

İkinci tur. II tura 5 nəfər peşəkardan ibarət münsiflər heyətinin seçdiyi ən dəyərli mətnlər adlayır. Onların arasından isə I, II və III yerlərə layiq görülənlər seçilir. Qaliblərin adları hər il may ayının 28-də elan edilir. Müsabiqədə maksimum obyektivliyi təmin etmək üçün hər il dəyişən münsiflərin adları sonadək gizli saxlanılır və yalnız mükafatlandırma mərasimi zamanı açıqlanır. Həmçinin dəyərləndirmə zamanı münsiflər hansı mətnin kimə aid olduğunu bilmir. Qaliblərə "Nəsimi" mükafatı və diplom təqdim edilir. Hər iki nominasiyada I yerin sahibləri (2 nəfər) üçün təşkilatçılar tərəfindən şəxsi sayt yaradılır. Müsabiqə bitdikdən sonra da təşkilatçılar I yerin sahiblərinin daimi tanıtımı ilə məşğul olur, onların ədəbi agenti qismində çıxış edir. Bundan əlavə, bütün yerlər üzrə qaliblər (6 nəfər) təşkilatçıların idarə etdiyi hər iki portalda daimi müəlliflik hüququnu qazanır. II tura adlamış 20 əsərin hamısı kitab şəklində nəşr olunur.

İkinci mərhələ. Hər il 1 sentyabr-20 dekabr tarixlərində davam edən bu mərhələdə cari ildə dərc olunan əsərlərin, kitabların, tərcümələrin dəyərləndirilməsi həyata keçirilir və onların arasından ən yaxşıları seçilərək mükafatlandırılır. Bu mərhələdə iştirak üçün heç kəs öz namizədliyini irəli sürə, əsərini təqdim edə bilməz. Qiymətləndiriləcək əsərlər yalnız münsiflər heyəti tərəfindən müəyyən olunur. Yekunda hər hansı bir müəllif "İlin ən yaxşı əsərinə görə" (və ya ən yaxşı tərcüməyə görə) "Nəsimi" Milli ədəbiyyat mükafatına layiq görülür.

Xüsusi qeyd: I mərhələdə qalib gəlmiş iki şəxs ""Nəsimi" Milli Ədəbiyyat müsabiqəsinin qalibi", II mərhələdə qalib gəlmiş şəxs isə ""Nəsimi" Mükafatı laureatı" titulunu daşıyır.

Ən çox verilən suallar:

1. Sual: Müsabiqə obyektiv keçiriləcək, ya ...?

Cavab: Məqsədimiz yalnız və yalnız obyektiv müsabiqə keçirmək və bununla da ədəbiyyatın inkişafına xidmət etməkdir. Qiymətləndirməni 9 nəfərdən ibarət Ekspertlər Şurası həyata keçirəcək. Obyektivliyi qorumaq və kənar təsirləri sıfıra endirmək ücün, münsiflərin kimliyini indidən açıqlamırıq- onların kimliyini yalnız qaliblır elan olunan gün açıqlayacağıq. Dəyərləndirmə zamanı əsərlər və müəllif adları kodlaşdırılır.

2. Sual: Müsabiqəyə hansısa dərgidə, qəzetdə və ya saytda çap olunmuş mətnləri göndərmək olarmı?

Cavab: Nəsimi MƏM-in "Debüt" nominasiyasına mətbu orqanlarda, kitabda, almanaxda, internet saytlarında dərc olunmuş əsərlər qəbul olunmur. Bu qayda müsabiqədə obyektivliyi maksimum qorumaq üçün tətbiq olunur.