II "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsi start götürdü


II "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsi start götürdü. Ötən ildən keçirilməsinə başlanan "Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsi yeni istedadların, uğurlu bədii mətnlərin üzə çıxarılması, təbliği və dəyərləndirilməsi qiymətləndirilməsi məqsədilə yaradılıb. Müsabiqənin təsisçiləri Kultaz.com (Azərbaycan Mədəniyyət Portalı) və Lit.az (Azərbaycan Ədəbiyyat Portalı) saytlarıdır.
Müsabiqə hər il fevralın 2-də - Gənclər Günündə başlanır və may ayının 28-də-Respublika Günündə qaliblərin rəsmən elan olunması ilə yekunlaşır.

"Nəsimi" Milli Ədəbiyyat Müsabiqəsinə qatıldığı nominasiya üzrə kitabı dərc olunmayan gənc müəlliflər, yeni imzalar qatıla bilər. Müsabiqə həm şeir, həm də hekayə nominasiyaları üzrə keçirilir. Bir müəllif yalnız bir nominasiyada çıxış edə bilər. Mətnlər Azərbaycan dilində, Times New Roman şrifti ilə yazılmalı və elektron versiyada musabiqe2009@gmail.com ünvanına göndərilməlidir. Müsabiqəyə indiyə qədər yazılı və ya elektron KİV-də nəşr olunmamış mətnlər iştirak edə bilər. Bundan əlavə, hər bir müəllif, öz bioqrafiyasını, əlaqə telefonlarını və bir ədəd rəngli fotoşəklini də mütləq qeyd olunan elektron ünvana göndərməlidir. Hər bir müəllif müsabiqədə maksimum 3 (üç) şeir və ya 3 (üç) hekayə ilə iştirak edə bilər. Müsabiqə iki turdan ibarətdir:

Birinci tur. Hər il martın 15-də I seçim turu yekunlaşır. Mətnlərin son göndərilmə tarixi isə bundan bir gün qabaq- martın 14-də başa çatır.

İkinci tur. II tura 5 nəfər peşəkardan ibarət münsiflər heyətinin seçdiyi ən dəyərli mətnlər adlayır. Onların arasından isə I, II və III yerlərə layiq görülənlər seçilir. Qaliblərin adları hər il may ayının 28-də elan edilir. Müsabiqədə maksimum obyektivliyi təmin etmək üçün hər il dəyişən münsiflərin adları sonadək gizli saxlanılır və yalnız mükafatlandırma mərasimi zamanı açıqlanır. Həmçinin dəyərləndirmə zamanı münsiflər hansı mətnin kimə aid olduğunu bilmir.

Xüsusi qeyd: "Nəsimi" Milli Ədəbiyyat müsabiqəsinin qalibləri müsabiqəyə təkrar qatıla bilməz.